Qədim ənənələri
yaşadanlar
Masallıda
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Beynəlxalq folklor festivalı
başa çatdı
Səhər saat 9 radələridir. Günəş öz zərrin şüalarını hər yana səpələyib. Masallı şəhərinin arxasında görünən meşə örtüklü yamyaşıl sıra dağlar isə teatr səhnəsindən asılmış təbiət mənzərəsi rəsmini xatırladır.
Şəhərdə böyük canlanma, yüksək əhvali-ruhiyyə şəraiti hökm sürür. Küçələr, meydanlar, parklar bayraqlar, süarlar, plakatlarla bəzədilmişdir. Hamı sevinc, bayram içindədir. Camaat dəstə-dəstə şəhərin mərkəzində yerləşən Masallı Rayon İcra Hakimiyyəti binasının qarşısındakı əraziyə - II Beynəlxalq folklor festivalının start götürdüyü meydana axışır.
Bu yerdə qeyd edək ki, son illər Masallıda genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılıb. Bunu festivalın başladığı yerdən də aydın görmək olur. Meydan, icra hakimiyyətinin binası əsaslı şəkildə yenidən qurulub. Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün tikilən yaraşıqlı bina, Şəhidlər kompleksi, Dövlət Bayrağı meydanı burada bir ansambl, uyarlıq yaradıb. Ətrafdakı binaların fasadları, dam örtükləri müasir formada təzələnib. Əraziyə xaricdən gətirilmiş dekorativ ağaclar, gül kolları əkilib, yaşıllıqlar salınıb.
Masallı rayonunun fəalları ilə görüşüb hal-əhval tutur, onları belə bir mötəbər tədbirə ev sahibliyi etmələri münasibətilə təbrik edirik. Şirvan Əbilov da onların arasındadır. Xatırladaq ki, 1992-ci ilin sonlarında Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün Bakıdan Naxçıvana gedənlərdən biri Ş.Əbilov olub. Ulu öndərlə dəfələrlə görüşüb, dəyərli məsləhətlər alıb. Uzun müddət YAP Masallı rayon təşkilatına başçılıq edib. 2007-ci ildən prezident təqaüdçüsüdür.
Ş.Əbilov söhbətə özü başladı:
- Nə iş görülürsə, plana uyğun, perspektiv nəzərə alınmaqla, yüksək zövqlə həyata keçirilir. Bunlar Masallı camaatını ürəkdən sevindirir. Gördüklərimizin hamısı ümummilli lider Heydər Əliyevin ideyalarının, Azərbaycanı irəli aparan siyasətin məntiqi davamıdır, Prezident İlham Əliyevin bu siyasət sükanını bacarıqla, çevik şəkildə idarə etmək bacarığının göstəricisidir.
Çox çəkmir aparıcılar II Beynəlxalq folklor festivalının açılışını Azərbaycan və inglis dillərində elan edirlər. Azərbaycan, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Ukrayna, Rusiya və Türkiyənin folklor kollektivləri öz milli musiqiləri, rəqsləri ilə rayon mədəniyyət evinin qarşısına yollanırlar. Yol boyu küçələrin hər iki tərəfi adamla doludur. Masallılılar qonaqları salamlayır, onlara "Xoş gəlmişsiniz" deyirlər. Mədəniyyət evinin qarşısında isə sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil olunmuşdur. Festival iştirakçıları, xüsusilə xarici ölkələrin təmsilçiləri sərgidəki yüz illər, min illər yol keçib gələn, yaşadılan hər bir əl işinə, sənət nümunəsinə heyranlıqla tamaşa edir, onlar haqqında məlumat almağa çalışırlar. Həsirdən toxunmuş ayrı-ayrı əşyalar, palaz, zənbil, tərəzi, günlük, dulusçuluq məmulatlarından bardaq, piti qabı, gül dibçəkləri, habelə taxtadan hazırlanmış bəzəkli sandıq, mücrü, yun və iplik xalçalar, müxtəlif suvenirlər onların diqqətini özünə daha çox çəkir. Sərginin bir guşəsində qadınlar palaz üstə oturaraq cəhrə əyirir, hana hörür, paxlava, şəkərbura, qoğal və digər bişimlər hazırlayırlar. Masallı mətbəxi nemətlərindən ətirli çay, toyuq və balıq ləvəngiləri, müxtəlif şirniyyatlar tədbir iştirakçılarında xoş təsir oyadır. Sərgidə ölkəmizin və Masallının turizm potensialını əks etdirən kitablar, jurnallar, bukletlər də özünə yer almışdır.
Tədbirin birinci günü folklor kollektivləri Heydər Əliyev parkına gəldilər. Mərasimi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq dedi ki, bu cür festivallar xalqlarımızı daha da yaxınlaşdırır, adət-ənənələrimizin, folklorumuzun, tariximizin qarşılıqlı surətdə öyrənilməsinə kömək edir. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə çıxışında folklor festivalının Masallıda keçirilməsinin məziyyətlərindən, burada xalq ənənələrinin etibarlı şəkildə qorunub saxlanılmasından, onun nəsildən-nəslə ötürülməsindən ətraflı söz açdı, festivalın işinə uğurlar arzuladı.
Yenə çal-çağır başladı, milli geyimdə olan folklor iştirakçılari öz məharətlərini nümayiş etdirdilər. Hər bir çıxış böyük hərarətlə qarşılandı. Ağdamın "Qarabağ bülbülləri" ansamblının ifa etdiyi "Qarabağ şikəstəsi" pərdə-pərdə ətrafa yayıldıqca insanlarda şən və düşündürücü ovqat yaradırdı. Digər ölkələrin folklor nümunələri ilə yanaşı, Masallının "Halay", Zaqataladan gələn folklor kollektivlərinin də ifaları tamaşaçıların alqışı ilə müşayiət olundu.
Konsert başa çatdıqdan sonra qonaqlara yaxınlaşıb təəssüratlarını bölüşdürməyi xahiş etdik.
Leyla Zinaddinova, Qazaxıstanın "Donbra Qopuz" qrupunun rəhbəri: "Təəssüratlarım çox yaxşıdır. Belə tədbirlər hər bir xalqın folkorunu, adət-ənənəsini yaşadan adamlara mənəvi qida verir. Görürlər ki, fəaliyyətlərini, ömürlərini çox mühüm bir işə həsr ediblər, min illik xalq nümunələrini yeni nəslə ötürürlər. Burada hər şey gözəldir. Təbiət də, insanlar da. Qonaqpərvərliyinizə isə söz ola bilməz. Belə festivallar xalqları bir-birinə yaxınlaşdırır. Qazaxıstanda çoxlu sayda azərbaycanlı yaşayır. Danışıq zamanı bir-birimizi çox aydın başa düşürük. Çünki türkdilli xalqların hamısı bir soydandır".
İrina Əhmədova, Dağıstanın "Deti Kavkaza" ("Qafqazın uşaqları") qrupunun başçısı: "Bu festivalda iştirak etməyimiz rəhbərlik etdiyim qrupun hər bir üzvünü sevindirir. Biz iki yaxın xalqıq. Biləndə ki, Masallıda talışlar da yaşayır, marağım artdı. Onlar da öz folklorlarını məharətlə nümayiş etdirirlər. "Halay"ın çıxışlarından böyük zövq aldım. Azərbaycan tolerant bir ölkədir. Bizim Dağıstan kimi, sizdə də xeyli sayda azsaylı xalqlar yaşayır. Bilirəm ki, hər birinin öz folklorunu, tarixini, keçmiş adət-ənənələrini yaşatması üçün dövlət tərəfindən onlara xüsusi diqqət və qayğı göstərilir. Festivalın yüksək səviyyədə təşkili məni heyran edir. Heç bir şey unudulmayıb. Buna görə sizə həsəd aparıram.
Adnan Karaca, Ankaradan gələn qrupun rəhbəri: "Böyük dövlət adamı Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Buraya səfərimiz zamanı folklor festivalı çərçivəsində bunu bir daha yaxından hiss etdik, duyduq. Festival eyni zamanda digər xalqların da folkloru ilə tanış olmaq imkanı yaratdı. Masallıya valeh oldum. Gözəl, abad bir yerdir. Hamıdan böyük hörmət, məhəbbət gördük. Allah sizləri həmişə var eləsin. Çünki Azərbaycanın varlığı Türkiyənin varlığıdır. Hamınıza sevgimizi, sayğılarımızı bildirirəm. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı".
Ertəsi gün kollektivlər toplaşıb rayonun Hişkədərə və Həsənli kəndlərinə yola düşdülər. Hər iki kəndin əhalisi festival iştirakçılarını sevinclə, gül-çiçəklə qarşıladı. Folklor kollektivləri burada da böyük coşqu ilə öz ustalıqlarını nümayiş etdirdilər.
Festivalın üçüncü günü final konserti oldu. Konsert Heydər Əliyev parkında keçirildi. Parkda adam əlindən boş yer tapmaq mümkün deyildi. Yenə də nəğmələr, rəqslər, musiqi sədaları altında folklor kollektivləri öz ustalıqlarını göstərdilər. Tədbir gecədən keçənə kimi davam etdi. Sonda kollektivlərə xatirə diplomları, hədiyyələr verildi. Masallıda keçirilən II Beynəlxalq folklor festivalı uğurla başa çatdı.
Seyran CAVADOV
Azərbaycan.-2013.- 19 iyun.- S. 15.